
Növbəti mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Şirvan" sabah son yoxlama oyununa çıxacaq.
Bunu Fanat.Az-a sözügedən komandanın baş məşqçisi Pərviz Bayramov bildirib.
İkinci Liqa təmsilçisi çempionatın debütantı "Marafon"la gücünü sınayacaq. Bölgə təmsilçiləri keçmiş "Şəfa" stadionunun ehtiyat meydançasında üz-üzə gələcəklər. Oyunun saat 10:00-da başlaması planlaşdırılır.
Xatırladaq ki, "Şirvan" Bakıda artıq 3 yoxlama oyunu keçirib. İlk sınaq matçı avqustun 13-də "Təkan"la olub. Pərviz Bayramovun komandası Region Liqasının debütantını 4:1 hesabı ilə məğlub edib. Avqustun 17-də "Qaradağ Lökbatan"la oyunda 0:2 hesabı ilə uduzan şirvanlılar ayın 21-də "Difai" ilə bərabərə (2:2) qalıb.
Qeyd edək ki, "Şirvan" 2-ci Liqada debüt etdiyi ötən mövsümü 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi 2026/27 mövsümündə mükafatçı yerlərdən birini tutmağı hədəfləyir. Klub yay dönəmində heyətini Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev və Novruz Rəhimov kimi futbolçularla güclənib.
Mirağa