
"Sabah" dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Hapoel"ə (Beer-Şeva) qalib gələrək, (5:2) ÇL-in Liqa mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb Azərbaycan çempionunun qələbəsi və liqa mərhələsi barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Sabah” dünənki qələbəsi ilə Azərbaycan futbolu adına yeni bir tarixi səhifə yazdı. Bu münasibətlə məşqçilər, futbolçular heyətini, bütün komandanı və xüsusilə də klubun rəhbərlərini - "Sabah"ın yaranmasında böyük əməyi olan Balaş müəllim və Maqsud müəllimi təbrik etmək istəyirəm. Gənc klub olmasına baxmayaraq, qısa bir zamanda belə tarixi rekorda imza atdılar. İlk raunddan gəlib Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandılar.
Oyuna gəldikdə, ilk qarşılaşmadan sonra da görünürdü ki, rəqib çox güclüdür. İsrail çempionunun həm texniki, həm taktiki, həm fərdi keyfiyyətlərə malik yaxşı oyunçuları var. Amma səfərdəki məğlubiyyətə baxmayaraq, biz ümidli idik. İnanırdıq ki, "Sabah" evdə bundan qabaqkı oyunlarda göstərdiyi o performansı, inamı sərgiləyə və azarkeş dəstəyi ilə rəqibi üstələyə bilər. Hardasa bərabər səviyyəli bir oyun getdi. İlk hissədə rəqibin üstünlüyü var idi. Amma “Sabah” xarakter və komanda ruhu göstərərək son dəqiqələrdə qol vurmaqla qarşılaşmanı əlavə vaxtlara apardı. Orada da rəqibi bütün komponentlərdə, həm fiziki, həm taktiki baxımdan üstələyərək istələyib qələbəni əldə etdi. "Sabah"da artıq oturuşmuş oyun görürük. Özünəməxsus oyun fəlsəfəsi var. Komanda nə eləmək istədiyini bilir. Həm müdafiədə, həm hücumda, xüsusilə də keçidlərdə, yəni müdafiədən hücum fazasına keçəndə. “Sabah” çox möhtəşəm oyun göstərir. Düşünürəm ki, bu belə davam etsə, təmsilçimiz Çempionlar Liqasının Liqa mərhələsində də bizi sevindirəcək. Rəqiblərin düşməsindən asılı olmayaraq, mənə elə gəlir ki, komandamız xallar qazanacaq. Uğurlar arzulayaq. Gözləyək görə hansı rəqiblər düşür? Əslində istərdik ki, daha adlı-sanlı yəni “Real Madrid”, “Barselona” kimi klublar gəlsin Azərbaycana ki, həm azarkeşlər, həm də ictimaiyyət bundan zövq alsın".
Əlisahib İbrahimli