
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda "Tvente"ni qonaq qismində 1:0 hesabı ilə üstələyən "Qarabağ" bu gün Niderland komandası ilə cavab görüşünü keçirəcək.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb "köhlənlər"in turnirin əsas mərhələsinə yüksəlmək şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hesab, cavab matçının evdə olması və təcrübə baxımından "Qarabağ" üstündür. Şans olaraq, 60 faiz komandamız öndədir. Lakin ehtiyatlı və ciddi olmalıyıq. "Tvente" sürətli, gənc və fiziki gücü olan komandadır. Daha çox hücum futbolu oynamağa çalışır. Onların itirəcək bir şeyi yoxdur deyə revanş almağa çalışacaqlar. Səfərdəki hesab bizi aldatmasın. "Qarabağ"ı olduqca çətin oyun gözləyir. Komandamıza uğurlar arzulayıram".
Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli