
Konfrans Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ" evdə "Tvente"yə 1:4 (ümümi hesab 2:4) hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmadan dərhal sonra təşkil edilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıraraq oyunu dəyərləndirib:
"Bunu istəməzdik, məğlub olmaq fikrimiz yox idi. Çox həvəsli və istəkli idik. Vuruşan bir kollektivimiz var, amma çatışmazlıqlarımız da var idi. Rəqibi təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm, sonadək komandaya dəstək oldular".
- Erkən vidalaşmaq yeni transferlərlə qarşıdakı mövsümdə komandanın formalaşması üçün faydalı olacaq?
"Biz yeni transferlər edərkən rəhbərliklə müzakirələr apardıq. Bəlkə də risk etdiyimizi düşünənlər oldu. Komandanı ən yaxşı səviyyəyə gətirmək üçün çalışacağıq. Pozitiv yanaşmalıyıq, daha yaxşı işlər görmək üçün var gücümüzlə mübarizə aparacağıq".
- Lanqanın əvəzlənməsi nə ilə bağlı idi?
"Sarı vərəqə limitinə görə idi. Üçüncü hakim mənə yaxınlaşıb onun limitdə olduğunu bildirdi. Biz də belə qərar verdik".
- 4 mövsüm bundan əvvəl "Qalatasaray" Türkiyə çempionatında 13-cü oldu, sonra ardıcıl çempionluqlar qazandı. "Qarabağ"dan da belə bir partlayış görə bilərikmi?
"Maksimum nəticə üçün hər şeyi edəcəyik. Futbolçuların gücünün gündən-günə inkişaf edəcəyinə inanıram".
- “Sabah”ın Çempionlar Liqasındakı püşkatması ilə bağlı nə düşünürsünüz?
"Mən "Sabah"a azarkeşlik edəcəyəm. Onlara bu çətin yolda uğurlar arzulayıram".
- "Qarabağ" sizcə edilən transferlərdə gecikdi?
"Bəli, gecikdi. Yanvar ayından başlamışdıq danışıqlara. Yeni transferlərimiz zədələndi, gözləmədiyimiz zədələr oldu. Bəlkə də onlar sağlam olsaydı, bu gün bu məğlubiyyəti danışmazdıq".
- Sizcə Çempionlar Liqasında iştirak "Sabah"ın daxili çempionatdakı iddialarını azaldacaq?
"Hər liqanın ayrı atmosferi var, amma Çempionlar Liqası tamam başqa səviyyədir. Hətta mənim də yorulduğum anlar olurdu. Məncə, əksinə, "Sabah" bu təcrübədən sonra daxili liqada daha rahat oynayacaq".
Kamil Xudiyev