
Rusiya milli komandasının keçmiş baş məşqçisi Quus Hiddink UEFA prezidenti Aleksandr Çeferinin Ukrayna ilə hərbi münaqişə bitənə qədər Rusiya futbolunun beynəlxalq yarışlara qayıtmasının mümkünsüzlüyü ilə bağlı açıqlamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis "Sovetski Sport"a belə danışıb:
"UEFA prezidentinin Rusiya milli komandasının diskvalifikasiyası barədə dedikləri ilə tanışam. Biz onun haqqında deyil, futbolun siyasəti haqqında danışırıq. On-on beş il əvvəl dünya daha yaxşı bir yer idi. Futbol bütün dünyada insanları birləşdirməyə çalışırdı. İndi isə vəziyyət fərqlidir" .
Xatırladaq ki, Çeferin "Youtube" kanalında "The Rest Is Politics: Leading" verilişinə verdiyi müsahibədə Rusiya futboluna qadağa barədə danışarkən, belə deyib: "Yeniyetmələrlə bağlı necə olacağını görəcəyik. Böyüklərə gəldikdə isə, hərbi münaqişə bitənə qədər heç nə edə bilmərik".
Quus Hiddink Rusiya millisi ilə 2008-ci il Avropa çempionatında bürünc medal qazanıb.
Mirağa