
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya Dortmund", İtaliyanın "Napoli" və Çexyanın "Slaviya" klublarını qəbul edəcək. Azərbaycan çempionu səfərdə isə İngiltərənin "Arsenal", "Mançester Yunayted", İspaniyanın "Vilyareal" və Norveçin "Vikinq" komandalarının qonağı olacaq.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın ÇL-in liqa mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah" ÇL-də düşə biləcəyi ən çətin rəqiblərlə üzləşəcək. Ancaq bunu əvvəldən də təxmin etmək olardı. Çünki birinci səbətdə güclü komandalar yer almışdı. "Barselona" və "Arsenal"dan danışası olsaq, İngiltərə klubu ilə "Qarabağ" qarşılaşıb. Ancaq "Barselona" ölkəmizə ilk dəfə gələcək və Azərbaycanda çox böyük azarkeş ordusuna sahibdir. Onların gəlib burada oynaması izləyicilərə böyük həzz yaşadacaq. Qarşılaşmaların hamısını müqayisə etsək, əksəriyyətində rəqiblər favoritdir. Sadəcə, bəlkə "Vikinq" və "Slaviya" ilə oynamaq olar. Amma "Napoli" və "Vilyareal"la da matçda xal götürmə kimi şansımız var. Lakin açıq-aşkar favoritlər rəqiblərimizdir. "Barselona" ilə müqayisədə "Borussiya Dortmund"un da bəlkə öhdəsindən gələ bilərik. Amma yenə də bu oyunlardan həzz almağa çalışaq".
Əlisahib İbrahimli