
“Sabah”la “Barselona” arasında keçiriləcək qarşılaşmanı Bakıda izləməyə hazırlaşan azarkeşlər üçün yeni təşəbbüs irəli sürülüb.
Fanat.Az xəbər verir ki, “Penya Blaugrana”nın Azərbaycandakı fan-klubu noyabrın 25-də Bakı vaxtı ilə saat 21:45-də başlayacaq “Sabah” – “Barselona” matçında üzvlərinin stadionda yer alması üçün rəsmi müraciət edib.
Fan-klub bu məqsədlə həm “Barselona” rəhbərliyinə, həm də “iTicket” şirkətinə müraciət göndərib. Məqsəd ölkə xaricindən gələn “Barselona” azarkeşlərinin də yerləşəcəyi sektora yaxın ərazidə fan-klub üzvləri üçün biletlərin əldə olunmasını təmin etməkdir.
Bildirilib ki, müsbət cavab alındığı halda fan-klub üzvlərinin biletləri rahat şəkildə əldə etməsi üçün təşkilati işlər həyata keçiriləcək.
Qeyd olunub ki, biletlər ödənişli olacaq və təşəbbüsün əsas məqsədi “Barselona” azarkeşlərinin “Sabah”la oyunu birlikdə və stadionda təşkilatlanmış şəkildə izləməsinə şərait yaratmaqdır.
Kamil Xudiyev