
Lionel Messi Argentina millisindəki karyerasına son qoyduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı ulduz sosial media hesabında paylaşdığı geniş açıqlamada bu qərarın onun üçün çox ağır olduğunu, lakin artıq doğru zamanın gəldiyini düşündüyünü bildirib. Messi qeyd edib ki, milli komandanın formasını geyindiyi 20 il ərzində bütün gücünü meydanda qoyub və Argentina ilə qazandığı uğurlarla qürur duyur.
Messi Argentina millisində ilk oyununu 2005-ci ildə keçirib və 2021-ci ildə ilk böyük titulunu – Amerika Kubokunu qazanıb. Ardınca 2022-ci ildə Finalissimada İtaliyanı məğlub edən Argentina həmin il Qətərdə keçirilən Dünya Kubokunun finalında Fransaya qalib gələrək tarixində üçüncü dəfə dünya çempionu olub. “Albisəleste” 2024-cü ildə Amerika Kubokunu da qazanaraq Messinin rəhbərliyi altında daha bir böyük uğura imza atıb.
2026-cı il Dünya Kubokunda da finala qədər irəliləyən Argentina həlledici qarşılaşmada İspaniyaya məğlub olaraq turniri ikinci pillədə başa vurub. Messi milli komandanın heyətində ümumilikdə 189 oyun keçirib, 107 qol vurub və 38 məhsuldar ötürmə edib. Beləliklə, Argentina futbolunun ən parlaq dövrlərindən birinə imza atan Messi milli forma ilə karyerasını titullarla və zəngin statistika ilə başa vurur.