
"Dinamo" 2-ci Liqada mövsümə qələbə ilə start verib. Sözügedən komanda ilk turda "Difai" üzərində inamlı qələbə qazanıb. Paytaxt təmsilçisi ötən mövsümün yekununda 1-ci Liqa sonuncu yeri tutaraq aşağı yuvarlanan "Difai"ni 3:1 yenib.
Bakılıların baş məşqçisi İsmayıl Vəkiliqazicahani Fanat.Az-a açıqlamasında görüşü dəyərləndirib:
"İlk oyun heç vaxt asan olmur. Adətən mövsümün əvvəlində komandada müəyyən həyəcan və təzyiq olur. Amma futbolçularımız oyuna çox ciddi yanaşdılar, planımıza sadiq qaldılar və layiqli qələbə qazandıq. Komandamın xarakterindən və mübarizəsindən razı qaldım".
İranlı mütəxəssis komandasının hazırkı hazırlıq səviyyəsindən də danışıb:
"Hazırlıq səviyyəmiz yaxşıdır, amma hələ istədiyimiz formada deyilik. Bu da normaldır. Qarşıda inkişaf etdirməli olduğumuz çox məqam var. Hər oyun onların üzərində daha çox işləyəcəyik. Məqsədimiz yalnız nəticə qazanmaq deyil, həm də oyun keyfiyyətimizi yüksəltməkdir".
Vəkilqazicahani bu mövsüm üçün “Dinamo”nun əsas hədəfini də açıqlayıb:
"Hədəfimiz çox aydındır: II Liqanın çempionu olmaq. Biz bu məqsədi gizlətmirik. Bunun üçün hər oyuna final kimi yanaşacağıq. Bilirik ki, çempionluq üçün uzun və çətin bir yol qət etməliyik. Amma komandamın potensialına və gördüyümüz işə inanıram".
Qeyd edək ki, "Dinamo" 2-ci turda "Zəngəzur"la qarşılaşacaq. Oyun 8 sentyabrda Binədə keçiriləcək.
Mirağa