
Sentyabrın 3-də futbol üzrə Azərbaycan 1-ci Liqasında yeni mövsüm start götürüb və artıq iki oyun gününü əhatə edən birinci tura yekun vurulub.
Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədovun turu şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bütün oyunlara baxa bilmədim. Amma dünən "Səbail" və "Xankəndi"nin üz-üzə gəldiyi oyuna baxdım. "Karvan"ın epizodların izlədim. MOİK-in vəziyyətlərinə diqqət yetirdim. "Zaqatala"nın "Mingəçevir"lə üz-üzə gəldiyi matçı da izlədim . Məsələn, "Şimal" - "Gəncəbasar" oyununa baxa bilmədim. Hansına baxmamışdımsa, icmalları ilə tanış oldum.
Ümumilikdə təəccüblü bir şey olmadı. Yəni sürprizlə qarşılaşmadıq. Əvvəlki müsahibəmdə də dediyim kimi, favoritlər kimdirsə, onlar özlərini göstərməyi bacarır. MOİK-in uduzacağını gözləmirdim, heç-heçə olacağını düşünürdüm. Amma "Şahdağ Qusar", "Karvan-Yevlax" və "Səbail" çempionluğa əsas namizədlərdir. "Xankəndi", MOİK və "Gəncəbasar"ı orta mövqelərdə görürəm. "Mingəçevir", "Zaqatala", "Şimal" bu üç komanda hazırki durumlarına görə autsayderlər sırasında olacaqlar. "Mingəçevir" gec yığıldı, oyunçuları sonradan gətirildi. Eyni ilə "Zaqatala"nın yığılması da vaxt aldı, futbolçuları gec transfer etdilər. Komanda hələ öz oyununu tapmayıb. "Şimal" da gec yığıldı və oyunçuların gəlməsi müəyyən qədər zaman aldı. Mənim neçə illik təcrübəmə görə, bu cür gec yığılmalar, gec edilən transferlər çempionatda təsirini göstərir. Gec yığışlrsansa, başqalarının istəmədiyi oyunçuları götürürsən və başlanğıcda itirdiyin xallar istər-istəməz komandanı turnir cədvəlinin aşağı pillələrinə salır".
Nihat