
“Real Madrid”in baş məşqçisi Joze Mourinyu Çempionlar Liqasının ilk turunda “İnter” üzərində 2:1 hesablı qələbədən sonra komandasının oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Portuqaliyalı mütəxəssis görüşün gərgin və nəzarətdən kənar keçdiyini bildirib. Onun sözlərinə görə, matçın hesabı daha fərqli də ola bilərdi.
Mourinyu xüsusilə qapıçı Tibo Kurtuanın çıxışını yüksək qiymətləndirib:
“O, bu gün matçın ən yaxşı oyunçusu seçilməyibsə, heç vaxt seçilməyəcək”.
Baş məşqçi qarşılaşmada azarkeşlərin fitə basdığı Vinisius Juniora da dəstək olub. Mourinyu bildirib ki, braziliyalı futbolçu hazırda ən yaxşı formasında olmasa da, komandası üçün əlindən gələni edir və buna görə hörmətə layiqdir.
“Kim əlində olan hər şeyi verirsə, ondan daha artığını tələb etmək olmaz. Vinisius komandaya kömək etmək üçün çalışır və mən onun yanındayam”, – deyə Joze bildirib.
Təcrübəli çalışdırıcı həmçinin “İnter”in güclü rəqib olduğunu vurğulayıb və “Real Madrid”in ilk turda üç xal qazanmasının vacibliyini qeyd edib.
Əlisahib İbrahimli