
İkinci Liqanın 2-ci turunda "Qaradağ Lökbatan"la qarşılaşan "Şirvan" çətin rəqibini məğlub edə bilib. Bölgə təmsilçisi səfərdə dramatik alınan oyundan 3:2 qalib ayrılmağı bacarıb.
Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında prinsipial rəqibi ilə görüşü belə şərh edib:
"Hava şəraiti elə idi ki, külək oynamağa imkan vermirdi. Belə durumda kim daha çox mübarizə apara bilirsə, o, üstünlük əldə edir. Uşaqlara minnətdaram ki, sona qədər döyüşdülər. Təəssüf ki, belə mübarizələrin birində futbolçumuz Mehman Məsimovu itirdik. Zədələndiyi üçün erkən əvəzləməyə əl atdıq. Ümumiyyətlə, "Qaradağ Lökbatan" ağır komandadır. Bunu ötən mövsümdən bilirik. Belə rəqib üzərində qələbə qazandığımız üçün sevinirik. İnşallah, davamını arzulayırıq".
Qeyd edək ki, "Şirvan" növbəti oyununu "Hypers" komandasına qarşı keçirəcək. 3-cü turun görüşü 14 sentyabrda Şirvanda baş tutacaq.
Mirağa