
İkinci Liqanın 3-cü turu debütantların dueli ilə əlamətdar oldu. Ötən mövsüm Region Liqasının finalında qarşılaşan "Zəngəzur" ilə "Marafon"un budəfəki qarşılaşması prinsipiallıq daşıyırdı. Matç statusunu doğrultdu. Gərginliyi, dramatikliyi və məhsuldarlığı ilə yadda qalan oyunda 6 qol vuruldu, 3 qırmızı, 10 sarı vərəqə göstərildi, biri istifadə olunmamaqla 2 penalti təyin edildi. "Marafon" səfərdə baş tutan qarşılaşmada geridönüş edərək 6:4 hesabı ilə qələbə qazanıb.
Komandanın baş məşqçisi Ceyhun Cavadov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Bu oyunun bizim üçün xüsusi idi. "Zəngəzur"la Region Liqasının finalında qarşılaşmışdıq və həmin oyunda istədiyimiz nəticəni ala bilməmişdik. Ona görə həm rəqibi ciddi qəbul edir, həm də oyunun necə ağır keçəcəyini yaxşı bilirdik. Açığı, ilk hissə bizim üçün çox pis keçdi. Belə ki, hesabda 2 top fərqi ilə geri düşdük, penaltidən istifadə edə bilmədik. Amma fasilədə lazımi söhbət etdik, tapşırıqlar verdik. Əsas məqsədim futbolçuların başlarını aşağı salmalarına, ruhdan düşmələrinə imkan verməmək idi. Dedim ki, hesabda 0:2 geridə olsaq da, oyun hələ bitməyib. Çünki mən bu uşaqlarla belə imtahanlardan çox keçmişik, çox belə oyunlar çevirmişik. Onları inandırdım ki, bu oyun da onlardan biri olacaq. Bəzi taktiki dəyişikliklər də etdik. Futbolçular da bunun qarşılığını meydanda verdilər. Komandamı təbrik edirəm. Uşaqlar həqiqətən böyuk xarakter göstərdilər. Qələbəni azarkeşlərimizə həsr etmək istəyirəm. Onlar möhtəşəm idilər. Azarkeşləmirizi təbrik edirəm. Həmişə bizim yanımızda olsunlar, bizə dəstək versinlər. Biz də oyunumuz və nəticələrimizlə onları sevindirməyə davam edək".
"Marafon" 3 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşıb. "Zəngəzur"un isə hesabında 3 xal var və 9-cu yerdədir.
Mirağa