
Dünən Misli Premyer Liqasının 6-cı turuna yekun vurulub.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb liqadakı matçlar və komandalar barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Qəbələ" – "Neftçi" oyununda birincilər öz evində oynayırdı. Düzdür, yeni baş məşqçinin təyinatı rəsmiləşməsə də, o, oyunu kənardan izləyirdi. İlk hissədə komandada bir istəyin olduğu hiss olunurdu. Yəni "Neftçi"yə qarşı yaxşı müqavimət göstərirdilər. Lakin ikinci hissədə "Neftçi"nin oyunçu ustalığı öz sözünü dedi. "Ağ-qaralar"a bu oyunda qələbə qazanmaq çox vacib idi. Çünki hər iki komanda turnir cədvəlində tamamilə fərqli strateji məqsədlər güdür. "Neftçi" çempionluq uğrunda mübarizə aparırsa, bu cür oyunlarda xal itirməməlidir. Burada nəticə önəmlidir və onlar istədikləri 3 xalı qazandılar. "Qəbələ"yə gəldikdə isə görünən odur ki, yeni baş məşqçi də üzərində işlənilməli çoxlu məqamların olduğunu gördü. Bu baxımdan, yaranan fasilə onların xeyrinə ola bilər".
"Qarabağ" - "Şəfa" matçına gəlincə, Ağdam təmsilçisi də çempionluğa oynayır. Lakin "Qarabağ"da yenilənmə prosesi gedir. Bu da oyunda öz sözünü deyir. Ərazi üstünlüyü "köhlənlər"də olsa belə, xətlər arasında əlaqələr tam formalaşmayıb. Bu isə qol vurmaqda çətinlik yaradır. "Şəfa" yaxşı mübarizə apardı. Bir-iki epizodları da oldu. "Qarabağ" mümkün 3 xalını qazandı".
Daha sonra "Turan Tovuz" və "Zirə" matçı ən maraqlı oyunlardan biri idi. Hər iki komandanın məqsədi çempionluq və Avropa Liqasında mübarizə aparmaqdır. Hər iki tərəf qol buraxmamağa çalışırdı. Hücumdan çox müdafiəyə diqqət edirdi. Sonda buraxılan qol "Zirə"nin bütün planlarını pozdu. Bu matçı ev sahibləri üçün 6 xallıq oyun kimi dəyərləndirmək olar".
"Sabah" - "İmişli" matçında favorit ötən ilin çempionu idi. "Sabah" yaxşı formadadır. Qələbə qazanacağı da şübhə doğurmurdu. "İmişli" yaxşı müqavimət göstərdi. "Sabah" isə layiqli qələbəsini qazandı".
Digər bir matç "Şamaxı" və "Araz-Naxçıvan" arasında keçdi. Hər iki tərəf turnir cədvəlinin ortaları üçün mübarizə aparır. "Şamaxı"da Azər Bağırovun gəlişindən sonra oyun planında dəyişikliklər olub. Komanda getdikcə, öz stabilliyini tapır. "Araz-Naxçıvan"da isə bu əksinədir. Hələ oyun üslubuna öyrəşə bilməyiblər. "Şamaxı" vacib 3 xal qazandı".
"Turun son matçı "Kəpəz" və "Sumqayıt" arasında baş tutdu. Hər iki tərəf Premyer Liqada qalmaq üçün mübarizə aparır. Maraqlı görüş oldu. Sonda ədalətli heç-heçə oldu".
"Hal-hazırda komandalar fasiləyə yollandılar. Bu fasilə bəzi komandalara formalaşmaq və heyəti qaydaya qoymaq baxımından mütləq lazımdır və onlar bundan istifadə edəcəklər. Təbii ki, bu fasilə futbolçuları milli komandaya gedən klublara da müəyyən dərəcədə təsir göstərəcək. Lakin turnir cədvəlinə baxsaq, artıq ilk beşlikdə kimlərin mübarizə aparacağını müəyyənləşdirmək mümkündür. Buraya "Sabah", "Qarabağ", "Neftçi", "Zirə" və "Turan" komandalarını aid etmək olar. Qalan komandalar isə Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparan ortabab komandalar kimi görünürlər. Bu baxımdan, çempionatda qalmaq uğrunda tam olaraq kimlərin mübarizə aparacağını indiki durumda dəqiq demək bir qədər çətindir, lakin ilk beşliyi müəyyən etmək artıq çətin deyil. Bütün klublara həmçinin milli komandamıza da uğurlar arzulayıram".
Əlisahib İbrahimli