
Azərbaycan millisi bu gün saat 20:00-da Tacikistan ilə yoldaşlıq matçına çıxacaq.
Yığmamızın və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb milli komandanın matçı barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Millimizin oyunundan təbii ki, qələbə gözləyirik və buna inanırıq. Çünki artıq üç aydan çoxdur ki, millimiz oyun keçirmir. Bu baxımdan rəqib də dişimizə görədir, həmçinin hər bir yoldaşlıq görüşünün müəyyən bir məqsədi olur. Təbii ki, burada əsas məqsəd Ayxan Abbasovun Litva oyunu öncəsi planlaşdırdıqlarını həyata keçirməsidir. Bu planın müqabilində qazanılacaq qələbə də tam yerinə düşər. Çünki hər bir qələbə komandaya inam verir və ruh yüksəkliyini artırır. Bu səbəbdən də millimizdən qələbə gözləyirik. Oyunçuların kənarda qalması ilə bağlı düşünmürəm ki, hazırda formada olan və ya daim əsas heyətdə oynayan hansısa futbolçu kənarda qalıb. Çünki özünüz də bilirsiniz ki, böyük seçim imkanımız yoxdur. O baxımdan Ayxan Abbasov da artıq neçə vaxtdır ki, həm yerli çempionatdakı, həm də xaricdə çıxış edən futbolçularımızı yaxından izləyir. Məncə, açıqlanan heyət ən optimal variantdır. Xüsusilə də 30 nəfərlik belə geniş heyətdə kimsənin kənarda qaldığını düşünmürəm. Nəticədən çox şey asılıdır. Çünki Litva ilə səfər matçı ən vacib oyunlarımızdandır və ilk oyundur. Orada qazanılan xallar növbəti oyunlarda böyük bir performans göstərmək üçün yaxşı bir imkan kimi dəyərləndirilə bilər. O baxımdan, Litva ilə oyundan qabaq istənilən nəticəni qazanmaq və əsas planı həyata keçirmək çox vacibdir".
Əlisahib İbrahimli