
Azərbaycan millisi dünən Tacikistanla yoldaşlıq matçında 1:0 hesablı qələbə qazanıb.
Yığmamızın və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb yığmamızın qələbəsi barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə olub:
"Dünənki oyunla bağlı əsas məqamlardan biri millimizin qələbə qazanmasıdır. Burada iki vacib məqam var idi. Birincisi, komandada əhval-ruhiyyəni və özünəinamı artırmaq üçün qələbə qazanmaq. İkincisi isə məşqçinin oyundan əvvəlki planlarını və heyətdə etdiyi rotasiyaları həyata keçirmək və bunlara nə dərəcədə nail ola bildiyini görmək. Bəli, qələbə qazanıldı, amma oyun planı bəlkə də istənilən kimi alınmadı. Rəngarəng və istədiyimiz kimi yaxşı oyun görməsək də, nəticədə qələbə qazandıq. İkinci hissədə edilən dəyişikliklər, birinci və ikinci hissələrdə fərqli heyətlərin meydana buraxılması göstərir ki, Ayxan Abbasov artıq Litva ilə oyun üçün öz optimal heyət variantını müəyyənləşdirə bilib. Əsas məqamlardan biri də budur. Düşünürəm ki, Litva ilə qarşılaşmada oyun planında da dəyişikliklər ola bilər. Əsas odur ki, Litvadan yaxşı nəticə ilə qayıdaq. Milli komanda üç ay idi ki, bir araya gəlmirdi. Bu baxımdan oyundakı çatışmazlıqlar başa düşüləndir. Xüsusilə nəzərə çarpan məqam futbolçuların oyun praktikasının çatışmaması idi. Bəzi futbolçularda fiziki, bəzilərində isə taktiki baxımdan çətinliklər var idi. İstər-istəməz bütün bunlar komandamızın oyununa öz təsirini göstərirdi. Bütün bunlara baxmayaraq, qazanılan qələbə komandaya inam qazandırmaq baxımından çox vacibdir. Ümid edək ki, Litva ilə oyunda yaxşı mübarizə və müsbət nəticə görəcəyik. Komandamıza uğurlar arzulayaq".
Əlisahib İbrahimli