Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, mövsümün son oyununda Yüksək Liqanın çempionu "Araz-Naxçıvan"la Birinci Liqanın gümüş mükafatçısı PFL üz-üzə gələcək.
Qalibi müəyyənləşdirəcək oyun saat 14:00-da Olimpik starda baş tutacaq.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” 6 dəfə kuboku başı üzərinə qaldırıbsa, PFL bu sevinci ilk dəfə yaşaya bilər. Komandaların finala gedən yoluna nəzər salsaq, hər ikisi cari kubok yarışına 1/8 finaldan başlayıb. Elxan Səmədovun rəhbəri olduğu Peşəkar Futbol Liqasının komandası ilk cəhddə "Baku Fire-2"-ni 1:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb. 1/4 finalda "Xan Lənkəran"ı "7:2) üstələyən komandanın yarımfinaldakı "qurban"ı U-19 olub - 4:0.
"Araz-Naxçıvan"a gəlincə, 1/8-də "Djevo Dəyirman"a böyük hesabla (14:2) qalib gələn "qırmızı-ağlar" 1/4 finalda çətin rəqib "Baku Fire"-ni yenməyi bacarıb - 6:2. "Araz-Naxçıvan"ın yarımfinaldakı rəqibi də Yüksək Liqanın digər güclüsü "Neftçi" İK olub. Ancaq çempion "ağ-qaralar"a da güzəştə getməyərək 6:3 hesablı qələbə qazanıb.
PFL – U-19 4:0
Azərbaycan Kuboku
Final
5 iyun
14:00. Araz-Naxçıvan – PFL
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Olimpik Star.