"Futzal üzrə Azərbaycan milli komandası daha bir uğura imza atmaqla hər birimizi sevindirdi. Moldova milli komandası ilə səfər oyununda qazanılan qələbə, eyni zamanda, seçmə mərhələdə əldə olunmuş ardıcıl dördüncü qələbə oldu. Bu nəticə ilə millimiz artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdi".
Fanat.Az-ın məlumatına görə, bu fikirləri AFFA-nın prezidenti Rövnəq Abdullayev milli assosiasiyanın rəsmi saytına açıqlamasında futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması ilə bağlı danışarkən deyib.
R.Abdulayev bildirib ki, yığma koronavirusla bağlı çətinliklərə baxmayaraq, yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub: "Bir ildən çoxdur ki, COVİD-19 pandemiyası bütün dünyada əksər fəaliyyət sahələrinə öz təsirini göstərməkdədir. İdman da bu baxımdan istisna deyil və xüsusilə, sevindirici haldır ki, bütün bu çətinliklərə baxmayaraq, milli komandamız yüksək əzmkarlıq və peşəkarlıq nümunəsi göstərərək keçirdiyi oyunlarda maksimum nəticə qazanmağa nail olub. Futzal millimizin son 10 ildə göstərdiyi stabillik, vacib turnirlərdə qazandığı qələbələr, final mərhələlərinə vəsiqə qazanması futbol ailəsinin hər bir üzvünü sevindirir".
AFFA prezidenti sonda milli komandanının növbəti uğurlu çıxışı münasibətilə futzalçıları təbrik edib, seçmə mərhələnin digər oyunlarında və Avropa çempionatının final mərhələsində onlara uğurlar arzulayıb.