"Komanda planlaşdırdığımız kimi, aprelin 1-dən toplanışdadır. Buna qədər isə gündəlik məşqlərimzi edirdik".
Fanat.Az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva federasiyanın rəsmi saytına açıqlamasında toplanış barədə hazırlıq prosesi barədə danışarkən deyib.
Braziliyalı mütəxəssis oyunçuların hazırda oteldə qaldığını söyləyib: "Problemimiz tam heyətlə məşq edə bilməməyimizdir. Çünki İspaniya çempionatında oyunlar keçirilir. Qalo düşərgəmizə aprelin 5-də gələcək və Bakıda cəmi bir məşqdə iştirak edəcək. Eduardo və Bolinha daha tez komandaya qoşulacaq”.
Alesio zədə səbəbindən bəzi oyunçulara dəvət göndərə bilmədiyini də qeyd edib: "Rafael Vilela və Vassoura bu dəfə bizə kömək edə bilməyəcək. Həkimi zədə səbəbindən Vilelanın azı 2 həftə məşqlərdən kənarda qalacağını bildirib. Ona görə də heyətdə müəyyən dəyişiklik edəcəyik. Qalan hər kəs oyuna hazırdır”.
53 yaşlı baş məşqçi zədəli oyunçulara rəğmən Slovakiyaya qarşı Avropa çempionatının seçmə oyunundan qələbə ilə dönmək istədiklərini, bunun üçün də kifayət qədər səbəblər olduğunu vurğulayıb: "Bəli, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmişik. Ancaq bu qalan 2 oyuna rahat çıxmağımıza əsas vermir. Əvvəla, biz liderliyi təmin etməliyik. Bunun üçün də Slovakiya ilə dueldən xal və ya xallarla ayrılmalıyıq. Əlbəttə, hər iki oyundan qalib ayrılsaq, daha yaxşı olar. Çünki qazanılacaq uğurlu nəticə reytinq xallarımızı artıracaq. Hazırda Xorvatiya ilə aramızdakı fərq elə də böyük deyil. Qarşıda iki oyunumuz var, onların da bu qədər matçı qalıb. Hər iki görüşdən itkisiz ayrılmalıyıq ki, reytin xalımız artsın, gələcək püşkatmalarda xeyrimizə işləsin”.
Aprelin 8-də Slovakiyanın qonağı olacaq Azərbaycan millisi aprelin 14-də Yunanıstanı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan yığması 4 turdan III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.
Fanat.Az