Mövsümün gedişində bir neçə futzalçısı ilə yolları ayıran "Araz-Naxçıvan" 10 oyunçunun ümidinə qalıb. İranlılarla vidalaşan, üstəlik, Azərbaycan millisinin üzvü, qapıçı Rövşən Hüseynlinin Rusiya "Torpedo"suna keçidinə şərait yaradan on altıqat çempion heyəti gücləndirmək məcburiyyətindədir.
Fanat.Az komandanın planlarına aydınlıq gətirmək üçün "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqovla əlaqə saxlayıb:
"Hazırda 9 meydan oyunçumuz və bir qapıçımız var. Hazırda əsas diqqəti qapıçı transferinə yönəltmişik. Danışıq apardığımız biri var. Amma adını deyə bilməyəcəm. Çünki məsələ dəqiqləşməyib. Onu deyə bilərəm ki, legionerdir və Ukraynadandır. Sadəcə, müharibə getdiyi üçün 18-63 yaşarası ölkə vətəndaşlarına Ukraynanı tərk etmək qadağan edilib. Çalışırıq ki, idmançılara edilən güzəştdən yararlanıb həmin qapıçını sıralarımıza qataq. Alınsa, Yüksək Liqanı bu heyətlə də başa vurmaq olar. Daha doğrusu, çempionatın sonuna kimi 11 nəfərlik heyətlə davam edəcəyik. Çempionlar Liqası ərəfəsində isə yenidən komandanın gücləndirilməsi istiqamətində çalışmalara başlayacağıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" 17 turdan sonra məğlub olmayaraq 49 xalla 1-ci yerdə qərarlaşıb və ən yaxın izləyicisini 13 xal qabaqlayır.
Mirağa