İyulun 7-də futzal üzrə UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq püşkatma ərəfəsində iştirakçı klubların reytinq cədvəli açıqlanıb.
Azərbaycan çempionu “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən start verəcək. Təmsilçimiz B yolunda mübarizə aparacaq ki, reqlamentə əsasən, yer aldığı qrupdan elit-raunda yalnız qrup qalibi vəsiqə qazanacaq. İlkin mərhələdə 32 komanda 8 qrupda yarışacaq. Yalnız öz qrupunda birinci pilləni tutacaq komandalar əsas mərhələnin B yolunda iştirak etmək hüququ qazanacaq.
Əsas mərhələnin oyunları 25-30 oktyabr tarixlərində keçiriləcək. Dörd ölkə - İspaniya, Portuqaliya, Qazaxıstan və Xorvatiya – hər biri iki klubla təmsil olunacaq. Həmin komandalar da mübarizəyə təmsilçimiz kimi, əsas mərhələdən start verəcək. Xorvatiyanın bu şansı qazanması Rusiyanın FİFA və UEFA tərəfindən cəzalandırılması ilə bağlıdır.
17-ci dəfə bu yarışda iştirak edəcək “Araz-Naxçıvan”ın da yer aldığı B yolunda reytinq cədvəlinin 12-15 və 20-23-cü pillələrində yer alan komandalar, eləcə də ilkin mərhələdən vəsiqə qazanacaq klublar yarışacaq. Təmsilçimiz 22-ci pillədə yer alıb.
Qeyd edək ki, bu yoldan ancaq qrup qalibləri elit-raunda yüksələcək.
Qrup oyunlarına ev sahibliyi edəcək şəhərlər də məlumdur. UEFA İcraiyyə Komitəsinin qərarı ilə Ermənistan və Azərbaycan, Kosovo və Bosniya və Herseqovina, Kosovo və Serbiya klubları bir qrupda yer ala bilməz.