Türkiyənin Antalya şəhərində güləş üzrə Zəfər kuboku start götürəcək.
Fanat.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, U-17 yaş qrupu üzrə keçiriləcək ənənəvi yarışda Azərbaycanın qızlardan ibarət komandası da mübarizə aparacaq.
Sabah startı veriləcək və üç gün davam edəcək turnirdə böyük məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında 9 güləşçi – Günel Quliyeva (40 kiloqram), Nəzrin Əhmədli (46 kiloqram), Xədicə Qurbanzadə (49 kiloqram), Fatimə Bayramova, Xədicəxanım Talıbova (hər ikisi 53 kiloqram), Ülviyyə Musayeva (57 kiloqram), Esra Məmmədli (61 kiloqram), Fidan Babayeva (65 kiloqram) və Milana Bağırzadə (69 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Zəfər kubokunda III dərəcəli beynəlxalq hakim Elxan Həmidzadə ədaləti qoruyacaq.