Azərbaycanlı güləşçilərin Tokio olimpiadasına hazırlığı davam edir.
Bu barədə Fanat.Az-a Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı məlumat verib. Qurum rəsmisi saytımıza açıqlamasında idmançılarımızın hazırlıq proqramı ilə bağlı danışıb:
"İyunun 8-dən 13-nə qədər Polşanın paytaxtı Varşavada reytinq xarakterli turnir keçirildi. Bu turnir olimpiyaçılarımız üçün Tokio-2020 öncəsi test xarakterli oldu. 6 güləşçimizdən 5-i medal qazandı. Mariya Stadnik qızıl, Hacı Əliyev, Hacımurad Hacıyev, İslam Abbasov və Rafiq Hüseynov bürücn medal əldə etdilər. Ancaq qeyd etməliyəm ki, Hacı Əliyev, Rafiq Hüseynov və İslam Abbasov öz çəkilərində yox, yuxarıda çəkidə güləşdilər. Yuxarı çəkidə güləşmək artıq onların yaxşı formada olduğunu göstərir. Düzdü, bəzi azarkeşləri bürünc medal qane etmədi. Amma idmanın içində olan insalar bilir ki, öz çəkində yox, yuxarıda çəkidə güləşmək necə çətindir. Ona görə yuxarı çəkidə güləşdilər ki, olimpiada öncəsi çəki salmasınlar. Çünki hər dəfə idmançı çəki salanda, güc itirir. Bu səbəbdən qərara alındı ki, olimpiya öncəsi çəki qaldırılsın və olimpiada da öz çəkilərində güləşsinlər".
Sərxan bəy qeyd etdi ki artıq olimpiyaçılarımız Bakıya qayıdıb:
"Bu günlərdə Göygöldə təlim-məşq toplanışlarına start veriləcək. Artıq sərbəst və qadın güləşçilərimiz Göygöldədilər. Yunan-roma güləşilərimiz ayın 19-dan yola düşəcəklər. Aprel ayında da millimizə məşq keçən fiziki hazırlıq üzrə amerikalı mütəxəssis Mark Alan Filippi onlara təlimlər keçəcək. Fiziki hazırlıq üzrə məşqlər iyunun ilk günlərinə kimi davam edəcək. Sonuncu hazırlıq mərhələsi isə iyul ayında Bakıda olacaq. Burada əsasən texniki və taktiki məşqlər keçiləcək. Bu məşqləri də başa vurduqdan sonra iyulun sonunda komandamız ikinci nümayəndə heyəti ilə Olimpiadaya yollanacaq. Birinci nümayəndə heyəti biraz tez gedəcək. Bizim yarışlarımız avqustun 1-7 tarixləri arasında olacaq deyə güləşçilərimiz ikinci nümayəndə heyəti ilə gedəcək. Səhv etmirəmsə, səfər iyulun 26-27-sı baş tutacaq. Hətta ola bilər ki, tarix dəyişsin".
Federasiya rəsminin bildirib ki, Azərbaycanın tanınmış güləşçisi Şərif Şərifovun bu ay Türkiyədə təşkil olunacaq Yaşar Doğu turnirində iştirak etməsi gözlənilir:
"Digər olimpiyaçılarımız isə bir də Olimpiada da güləşəcəklər. Ola bilər ki, qadın güləşçilərimiz Elis Manolova və Mariya Stadnik Rusiya yığması ilə birgə Soçidə təlim-məşq toplanışında iştirak etsinlər. Bu hələ təsdiqlənməyib, ehtimaldır."
Röya Kərimli