10:51 11.01.2022 1029

"Atasız uşaqlara arxa-dayaq olmaq..." - Xeyriyyəçi güləşçimiz

Dörd il əvvəl İtaliyanın paytaxtı Romada keçirilən gənclər arasında Avropa çempionatında sərbəst güləş millimiz qızıl medalsız qalıb son on ilin antirekordunu müəyyənləşdirsə də, həmin yarışda bir idmançımız nəticəsi ilə diqqətləri üzərinə çəkə bilmişdi. Belə ki, çıxışını bürünc medalla yekunlaşdıran 125 kiloqram çəki dərəcəsindəki Rahid Həmidli bununla bir ilkə imza atmışdı. O baxımdan ki, ona qədər heç bir Azərbaycan əsilli güləşçi qitəmiqyaslı yarışın ən ağır çəki dərəcəsi üzrə mübarizəsində mükafat sevinci yaşamamışdı. 

Ardınca da dünya birinciliyində medalın bir addımlığına qədər gələn Rahidi sonradan xeyli vaxt güləş xalçasında görmədik. Ta ki ötən ilin sonu - 7-9 dekabrda baş tutan Azərbaycan çempionatınadək. Bir ara trenajor zalı açan və orada məşqçiliklə məşğul olan 24 yaşlı idmançı yarışın finalınadək irəliləməklə yenidən adından söz etdirə bildi.

Bir müddətdir sosial şəbəkələrdə xeyriyyəçilik fəaliyyətini əks etdirən videoları ilə də gündəmə gələn Həmidli ilə həm son Azərbaycan çempionatındakı çıxışı, həm də bu məsələ ətrafında söhbətləşdik.

- Rahid, 2018-ci ildən sonra səni güləşdə görmədik. Bunun səbəbi nə idi?
- Avropa birinciliyində üçüncü, ardınca da gənclərin dünya çempionatında beşinci olduqdan sonra böyüklərin Azərbaycan çempionatına qatıldım. Orada finala qədər gəlib qızıl medal uğrunda həlledici görüşdə sonuncu xal prinsipinə əsasən, Dağıstan əsilli İslam Abuyevə uduzdum. Belədə onu qarşıdakı U-23, ölkə yarışında iştirak etməyən digər dağıstanlı Cəmaləddin Məhəmmədovu isə böyüklərin Avropa çempionatına apardılar. Mən isə tamamilə qıraqda qaldım. Ümumi vəziyyəti götür-qoy edib gördüm ki, bu il mənə çörək yoxdu. Fikirləşdim, yaxşısı, bir işlə başımı qatım. Yönəldim fitnes məşqçiliyinə.

- Sonra necə oldu ki, karyeranı bərpa etmək qərarı verdin?
- Mən ötən arada güləşdən tam uzaqlaşmamışdım. Özüm üçün məşqlər edirdim. Bu qədər kənar qalmağıma əsas səbəb pandemiya oldu.

Tokioda keçirilən son Olimpiya Oyunlarında çempion olan ABŞ güləşçisi Qeybl Stivson 2018-ci ildə mənim medalın bir addımlığında qalıb beşinci olduğum dünya çempionatında səkkizinci yeri tutmuşdu. Onun qızıl medalı da mənə əlavə stimul verdi. Düşündüm ki, o, bunu bacardısa, mən niyə bacarmayım. 12 yaşımdan güləşlə məşğul oluram. Fikirləşdim ki, belə getsəm, gözüm arxada qalacaq. Ən azından bir-iki tutarlı nəticə verməliyəm. Avropa, dünya çempionatlarında, qismət olsa, Olimpiya Oyunlarında medal qazanmaq arzusundayam. İnşallah, davam edəcəyəm. İki aylıq hazırlıqla Azərbaycan çempionatında finala çıxa bildimsə, deməli, daha artığını bacara bilərəm. 

- Ölkə çempionatının finalına çıxmağın gözlənilməz oldu. Üstəlik, çox da çətin qrupda yer almışdın...
- Öncə onu deyim ki, yarışa cəmi 108 kiloqram çəki ilə çıxmışdım. Rəqiblərimin hamısı məndən ağır idi. Elə ilk görüşdəncə çətin rəqiblə düşdüm. Aydın Əhmədov gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı, çox perspektivli idmançıdır. Onun şansları məndən qat-qat artıq dəyərləndirilirdi. Sonrakı mərhələdəki rəqibim qocaman idmançıydı, onu asanlıqla - vaxtından əvvəl uddum. Finala çıxışda isə üç il əvvəl uduzduğum İslam Abuyevdən revanş aldım. Finalda da hər şey yaxşı başladı. Dörd xallıq fənd atıb, əhəmiyyətli üstünlük qazandım. Ancaq sonradan açıq deyim ki, arxayınlaşdım. Bu da mənə baha başa gəldi. Üstəlik, bu da var ki, Meşvildişvili məndən fərqli olaraq finala çox rahatlıqla gəlmişdi. Demək olar yorulmamışdı.

 

- Həm də fitnes məşqçiliyi ilə məşğul olursan. Güləşdə davam etmək qərarı vermisənsə, iki işi bir arada görmək nə dərəcədə məqsədəuyğun olacaq?
- Artıq məşğul olmuram. Son ölkə çempionatından əvvəl məşqçilikdən uzaqlaşmaq qərarı verdim. Bütün diqqətimi güləşə yönəltmişəm. Gələn ay İtaliyada beynəlxalq turnir keçiriləcək. Orada özümü göstərməliyəm ki, Avropa çempionatına gedə bilim.

- Həmin yarışda Meşvildişvili də iştirak edəcək?
- Onun pasport problemi var. Deyilənə görə, getməyəcək. Ancaq arxayınlaşmaq olmaz. Hər şey ola bilər.

- Rahid, son illər daha çox xeyriyyəçilik fəaliyyətinlə tanınırsan. Bu işə nə vaxtdan başlamısan, ideya necə yarandı? Ətraflı məlumat verərsən.
- İbadət əhliyəm. Quranda da buyrulub ki, canı və malı ilə cihad edən insanların Allah yanında ən yüksək dərəcələri vardır. Şükürlər olsun, ölkəmizdə əmin-amanlıqdır, canımızla cihad etməyə gərək yoxdur. Odur ki, üzərimizə düşən Allahın bizə yetirdiyi ruzini ehtiyacı olanlarla bölüşməkdir. Mən də əlimdən nə gəlirsə, edirəm. Əvvəllər də belə işlərimiz olub. Son iki ildə pandemiyanın onsuz da min bir əziyyətlə yaşayan ailələrdə doğurduğu çətinliklər səbəbindən fəaliyyətimizi daha da genişləndirməli olduq. Əvvəllər gizli saxlamağa üstünlük verirdim. Son illər fitnes fəaliyyətimi əks etdirən videoları "YouTube" üzərindən yayımlayırdım, xeyli baxış sayı toplayırdı. Qərara gəldim ki, bu işlərimizi də işıqlandırım. Belə olduqda, görənlər, dəstək olanlar da çox olur. Həm son illər sosial şəbəkələrdə axmaq paylaşımlar çoxalıb. Düşündüm, belə işləri gündəmə gətirməklə insanlara nümunə ola bilərəm. 

Bu xüsusiyyət mənə atamdan keçib. Atam Masallıda tanınan videoperator olub. Böyük gəliri olmasa da, həmişə qazancının bir hissəsini kasıblara, ehtiyacı olanlara ayırıb. Mənim özüm də bir vaxtlar atamla toy çəkilişlərinə getmişəm. Varlı toyu da çəkmişəm, kasıb məclisi də. İmkanlı ailə olmamışıq. Amma uşaqlıqdan əlim çörəyə çatıb, özümü dolandırmışam. Beləcə, o vaxtdan həm də cəmiyyət haqqında ümumi təsəvvürüm yaranıb. 

- Yardımla bağlı müraciətlər çoxdurmu?
- Olduqca. Bir çox hallarda da özümüz araşdırıb tapırıq.

- Adətən nə ilə bağlı kömək istəyirlər?
- Daha çox ərzaq yardımı və digər gündəlik məişət qayğılarının həlli ilə bağlı xahişlər olur. Tez-tez xəstəliklə əlaqədar yazırlar. Belədə məbləğ bəzən çox böyük olur. Bu zaman başqa yöndən kömək göstərməyə çalışırıq. Mənim sosial şəbəkələrdə izləyicim çoxdur. Həmin şəxsin kartını paylaşıram, müəyyən müddətə lazım olan pul toplanır.

- İndiyədək tərəfindən təxmini neçə belə ailəyə köməklik göstərilib?
- Sayını bilmirəm.

- Sirr deyilsə, hazırda özünün aylıq gəlirin nə qədərdir?
- Hazırda 400 manat Güləş Federasiyasından məvacib alıram. 600 manata kimi də "YouTube" kanalım gəlir gətirir. Yəni toplam 1000 manat olur.

- 1000 manat hazırkı reallıqla bir o qədər də böyük məbləğ sayılmaz. Maraqlıdır, bunu yardımlara necə çatdırırsan?
- Kənardan baxanda çox böyük xərc tələb edirmiş kimi görünür. Ancaq elə deyil. 50-100 manat, bəzən az, bəzən çox mən, bir o qədər də başqaları qoyanda, 300-500 manat toplanır. Hər ehtiyacı olan ailəyə də 50-100 manat arası ayrılanda ortaya 5-6 video çıxır. Dediyim kimi, videolarımız da izləndikcə, daha çox adam xəbər tutur, yardım edir.

- Bir növ komanda işi demək olar?
- Komanda deməzdim. Sadəcə, ayrı-ayrı şəxslər bəzən öz köməyini təklif edirlər.

- Tanınmış və ya vəzifəli şəxslərdən təkliflər olur?
- Olmayıb.

Bu, elə işdir ki, heç kimi məcbur edə bilmərik. Gərək insanın içindən gəlsin. Mən və ya digəri onları qınaya bilməz. Ola bilər ki, o şəxslər də belə yardımlar edir, sadəcə, gizli qalmasına üstünlük verirlər. Sadəcə onu deyim ki, xaricdə yaşayan soydaşlarımız tez-tez maraqlanırlar. 

- Yəqin ki, paylaşdığın videolarla bağlı qınaq xarakterli şərhlərlə də qarşılaşırsan. Reaksiyan necə olur?
- Tanıyanlar gözəl bilir ki, məndə riyakarlığın izi-tozu da ola bilməz. Bəli, bu, təbliğatdır. Amma sadəcə xoş niyyətə söykənir. Yenə deyirəm, qoy gənclər yaxşı işlərdən nümunə götürsünlər.

- Xeyriyyə fəaliyyəti ilə məşğul olan şəxslər tez-tez üzləşdikləri fırıldaqçılıq halları barədə məlumat verirlər. Sən necə, belə vəziyyətlərlə qarşılaşırsan?
- Olur, əlbəttə. Amma yolunu tapmışıq. Yardımla bağlı müraciət edəndə deyirəm, gəlin görüntülü danışaq. Belədə bəzi lazımi suallar verirəm. Deyirəm, ətraflı danış ki, səni tanıyım. Yoxsa nə bilim, sən mənə doğrudan kömək üçün müraciət edirsən. Bəlkə, şərləməyə, ya öldürməyə çağırırsan. 

Əvvəllər olub ki, çağrılan yerə gedib-görmüşəm, adamın təkcə darvazasının qiyməti 4-5 mindir.

Bir dəfə də Qurban bayramında 500 ət paketləmişdik. Nəzərdə tutmuşduq həqiqətən ehtiyacı olanlara, ailə başçısını itirən qadınlara verək. Bununla bağlı öncədən də məlumatlandırmışdıq. Ancaq qarşılaşdığımız mənzərə çox üzücü idi. Yekə-yekə bığıburma, qarınlı kişilər qadınları tapdalayıb ət istəyirdi, bəziləri ikinci-üçüncü dəfə gəlirdi.

- Bəs yadında qalan ən təsirli an hansı olub?
- Konkret bir an deyə bilməyəcəyəm. Çünki hər biri ayrı-ayrılıqda xatirimdə iz buraxır. Xüsusən atasız uşaqların gözlərindəki sevinci görmək, onlara az da olsa arxa-dayaq olmaq duyğusu olduqca dəyərlidir.

Xoşbəxtlik hər uşağın haqqıdır. İmkanlı ailələrin övladları bahalı yerlərdə əylənib gün keçirəndə kasıb uşaqlar quru çörək həsrəti çəkirlər. Bu haqda tez-tez düşünürəm. Ürəyim, vicdanım götürmür. Uşaqlar ordan-burdan nömrəmi tapıb mənə tez-tez yazırlar. Bəzən deyirlər, əmi, heç nə istəmirik, biz tərəflərə də gəl, səninlə görüşək, şəkil çəkdirək. Ümumiyyətlə, bütün bu proses o qədər möhtəşəm hisslər bəxş edir, sözlə ifadə edə bilmərəm. 

Çox doğru buyrulub ki, ruzi paylaşdıqca çoxalır. Mən artıq neçə vaxtdır bunun canlı şahidiyəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X