Azərbaycanın daha iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində çıxış edən Rafiq Hüseynov və Tuncay Vəzirzadə beynəlxalq turnirdə 3-cü yeri tutublar.
Onlar müvafiq olaraq Qazaxıstan təmsilçiləri İlimdor Satayev və Raxmet Sapiyevi məğlub ediblər. Hüseynov öz rəqibinə "tuşe" ilə (11:0), Vəzirzadə isə 7:1 hesabı ilə qalib gəlib.
Beləliklə, yunan-Roma güləşi millimiz turniri 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.
***
Yunan-Roma güləşçimiz Sənan Süleymanov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 77-da mübarizə aparan idmançı türkiyəli Yunus Emre Başarla qarşılaşıb.
Rəqibinə 1:2 hesabı ilə uduzan Süleymanov gümüş medalla kifayətlənib.
*** 17:13
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı yarışa təsnifat mərhələsindən başlayıb. Son dünya çempionatının gümüş mükafatçısı ardıcıl olaraq, Sajan Sajan (Hindistan), Demeu Jadrayev (Qazaxıstan) və Furkan Bayraka (Türkiyə) qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Avropa çempionumuzun finaldakı rəqibi Yunus Emre Başar (Türkiyə) olacaq.
82 kq-da mübarizə aparan Rafiq Hüseynov və Tuncay Vəzirzadə isə bürünc medal görüşlərinə çıxacaqlar. Hüseynov təsnifatda Sinq Harpretdən (Hindistan), 1/4 finalda isə Emrah Kuşdan (Türkiyə) güclü olsa da, yarımfinalda Burhan Akbudakla (Türkiyə) bacarmayıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 3-cü yer uğrunda qarşılaşmada İlimdor Satayevi (Qazaxıstan) sınağa çəkəcək. 1/4 finalda Hasan Kılınçı (Türkiyə) məğlub edən Vəzirzadə isə yarımfinalda Mixail Braduya (Moldova) uduzub. O, bürünc medal uğrunda Raxmet Sapiyevlə (Qazaxıstan) qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulmuş digər yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) isə 1/4 finalda Ensar Karabacaka (Türkiyə) məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə 3 yunan-Roma güləşçimiz medal qazanıb. İslam Abbasov (87 kq) turnirin qızıl, Beka Kandelaki (130 kq) gümüş, Taleh Məmmədov (63 kq) isə bürünc mükafatına sahib çıxıb.