Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında 62 kiloqram çəki dərəcəsində Azərbaycana qızıl medal qazandıran qadın güləşçi Jalə Əliyevanın Fanat.Az-a müsahibəsi
- Avropa çempionunu yaxından tanıyaq.
- 2001-ci ildə Gəncədə dünyaya gəlmişəm. Güləşə 2009-cu ildə doğma şəhərimdə başlamışam. Öz həvəsim olub. Həmşəhərlim Toğrul Əsgərov Olimpiya çempionu olduqdan sonra marağım daha da artdı. Qarşıma məqsəd qoymuşdum ki, mən də nə vaxtsa dünya, Avropa, Olimpiya çempionu olacağam. Bir sözlə, Toğrul Əsgərovdan stimul almışam.
- 23 yaşlıların Avropa çempionatında Azərbaycan qadın güləşi tarixində ilk qızıl medalı siz qazandınız. Yarış barədə təəssüratlarınızı öyrənək.
- Qalib olacağıma çox inanırdım. Finaldakı serb rəqibimə bundan əvvəl son saniyələrdə uduzmuşdum. Qarşıma məqsəd qoymuşdum ki, nə vaxtsa onunla qarşılaşsam, revanş alacağam. Çox böyük özünəinam hissi ilə görüşə çıxıb, qələbə qazandım.
Bəli, məndən öncə bu yaş qrupunda mükafatçılar olmuşdu, amma çempion olmamışdı. İlk azərbaycanlı qız çempion kimi çox sevinirəm. Bu ilk mənə növbəti ilklərə doğru stimul verir.
Yarışa yollananda yarızarafat-yarıgerçək "biz tarix yazacağıq" deyirdik. Buna oxşar bir şey baş verdi. Mən çempion oldum, digər üç komanda yoldaşım medal qazandı.
- Rusiya, Ukrayna və Belarus kimi Avropanın qadın güləşində öncül yığmaları yarışda iştirak etmirdi. Bu amil sizə necə təsir etdi?
- Stimulumu artırdı. Bu amil məni qələbəyə daha çox kökləndirdi. Onlarla mübarizədə şans 50/50-yə olursa, digər ölkələrin təmsilçiləri ilə görüşəndə 80-90 faiz iddialı tərəf oluruq. Ancaq istəməzdim ki, müharibə və ya digər xoş olmayan səbələrdən idmançılar yarışdan kənarda qalsın.
- Daha əvvəl də Ufada gənclərin dünya üçüncüsü olmuşdunuz. Bu nəticələrdən sonra sizi ölkə qadın güləşinin yeni ulduzu saymaq olar?
- Məncə, hələ tezdir. Məndən əvvəl daha yüksək nəticələr qazanan qızlarımız olub. Biz onlara baxıb həvəslənmişik. Avropa çempionluğum dünəndə qaldı. Bakıya döndükdən sonra yenə məşqlərə başlayacağam. Növbəti Avropa, dünya "qızıl"ları uğrunda çalışacağam.
- Azərbaycanın qadın güləşində qazandığı bütün Olimpiya medalları legioner idmançıların aktivindədir. Bunu bacaran ilk azərbaycanlı qadın güləşçi məhz siz ola bilərsinizmi?
- General olmaq istəməyən əsgər əsgər deyil. Elə bir idmançi yoxdur ki, arzusu, xəyalı Olimpiya medalı olmasın. Təbii, nə qədər ki, idmandayam, bunun üçün çalışacağam. İnanıram ki, o medalı vətənə gətirəcəyəm.
- Qarşıdan böyüklərin Avropa çempionatı gəlir. Orada iştirak edəcəksiniz? Ümumiyyətlə, il ərzindəki digər hədəfləriniz nədir?
- Avropa çempionatına qatılmayacağam. Çünki yarışlar arasında az zaman var idi. Planlaşdırıldı ki, mən 23 yaşlıların turnirinə yollanım. Bu il ərzindəki əsas hədəflərim 23 yaşlıların dünya çempionatında və Türkiyədə keçirilməsi planlaşdırılan İslam Həmrəyliyi Oyunlarında qalib olmaqdır.
- Plovdivdəki qələbəni kimə həsr edirsiniz?
- Anama.
Sahib Əsədbəyli