Azərbaycanın güləş yığmalarının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Fanat.Az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, məşqçilər heyəti yarışa ümumilikdə 23 güləşçi sifariş edib.
Sərbəst güləşdə ölkəni Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Hacımurad Ömərov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək.
Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) qüvvəsini sınayacaq.
Qadınların mübarizəsində isə Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) döşək üzərinə çıxacaq.
Qeyd edək ki, martın 28-də start götürəcək Avropa çempionatına aprelin 3-də yekun vurulacaq.