Macarıstanda keçirilən Avropa çempionatının final görüşündə Azərbaycan təmsilçiləri Əliabbas Rzazadə, Hacı Əliyev və Əşrəf Aşırovun məğlub olduğu idmançılar ölkələrinin güləş tarixinə düşüblər.
Fanat.Az xəbər verir ki, 79 kiloqram çəki dərəcəsinin həlledici duelində Aşırovu yenən Georgios Kouqiuomtsidisin qızıl medalı Yunanıstanın sərbəst növdə qazandığı ilk baş mükafat olub.
57 kq-da Rzazadəni üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan şimali makedoniyalı Vladimir Yeqorov təmsil etdiyi ölkəyə 23 ildən sonra güləşdə ilk Avropa çempionluğunu qazandırıb.
65 kq-da Hacı Əliyevdən üstün olan İsmail Musukayev isə Macarıstanın sərbəst güləşdə 19 illik qızıl həsrətinə son qoyub.
Qeyd edək ki, Azərbaycan sərbəst güləş millisinin hesabında hazırda 1 qızıl, 3 gümüş medal var. Bu gün daha bir təmsilçimiz - Abubakr Abakarov (86 kq) qızıl medal qarşılaşmasına çıxacaq. Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə "bürünc" uğrunda mübarizə aparacaq.