28 mart - 3 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatı Azərbaycan güləşi üçün rekord nəticələrlə əlamətdar olub.
Azərbaycan Güləş Federasiyasından Fanat.Az-a verilən məlumata görə, sərbəst güləşdə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) debütdəcə Avropa çempionu olub. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramovla (74 kq) Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıb.
Ümumilikdə 1 qızıl, 4 gümüş və 2 bürünc medalla yarışı başa vuran millimiz 159 xalla komanda hesabında Avropa çempionu olub. Bu, yığmamızın tarixində 3-cü AÇ tituludur. Milli daha öncə 2009 və 2017-ci illərdə keçirilən analoji yarışlarda Avropa çempionu olmuşdu.
Qadın güləşində baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi cəmi 3 idmançı təmsil edib ki, onlardan biri fəxri kürsüdə yer alıb. Elis Manolova (65 kq) Avropa ikincisi olub. Bu, Elisin 4-cü AÇ medalı idi.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i medalla qazanıb.
Eldəniz Əzizli (55 kq) dörd illik fasilədən sonra ikinci dəfə Avropa çempionu olub. Beləliklə, 6-cı dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan Əzizli güləşin klassik növündə ən çox AÇ medalı olan idmançımız kimi adını tarixə yazdırıb. Eldənizin hesabında 2 qızıl və 4 bürünc medal var.
Bu yarışda Rafiq Hüseynov (82 kq) da rekorda imza atıb. 2011 və 2020-ci illərdə AÇ-nin baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təxminən 1 aydan sonra 34 yaşı tamam olacaq Rafiq indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımız statusunu daşıyır.
Digər güləşçilərimizə gəlincə, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək 165 xal toplayib. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz toplanan xallara, medalların sayına və əyarına görə də özünün ən yaxşı nəticəsinə imza atıb.
Ümumilikdə yarışda ölkəmizi təmsil edən 23 idmançıdan 16-sının fəxri kürsüyə qalxıb. Bunların 3-ü qızıl, 6-sı gümüş, 7-si isə bürünc medal olub. Həm medalların sayına, həm də əyarına görə Azərbaycan yalnız Türkiyədən geri qalıb. Tarixdə ilk dəfə iki komandamızın eyni vaxtda Avropa çempionu olması diqqətçəkən məqamdır.
Qeyd edək ki, Budapeştdəki nəticələrdən sonra Avropa çempionatlarında medallarımızın sayı 173-ə çatıb. 52 qızıl, 41 gümüş və 80 bürünc medalla qitədə 8-ci yerdəyik. Macarıstandakı uğurlu çıxış Azərbaycanı 9-cu pillədəki Polşadan (38-66-102) daha da uzaqlaşdırıb, 7-ci pillədəki Ukraynaya (59-82-117) bir qədər də yaxınlaşdırıb.