Türkiyədə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsi keçirilib.
Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilərin yarışında 4 çəki üzrə 10 ölkədən 40 idmançı mübarizə aparıb. Onlardan 6-sı təmsilçimiz olub. Millimizin üzvlərindən yalnız 2-si qrup mərhələsində mübarizəni dayandırıb. Rübail İbrahimli (70 kq) və Camal Feyziyev (+90 kq) 5-ci yeri tutmaqla, hərəyə 5 min xal əldə ediblər.
Digər 4 güləşçimiz yarımfinala yüksəlib. Ağır çəkidə favorit sayılan Oyan Nəzəriani zədəyə görə medalçılar sırasına yüksələ bilməyib. Dördüncü yer həm də millimizin baş məşqçisi olan pəhləvana 5 min 800 xal qazandırdı. Çimərlik güləşi üzrə beynəlxalq yarışda debüt edən Ramiz Həsənov (70 kq), eləcə də Omid Kamaliagdam (80 kq) bürünc medalla Vətənə qayıdıblar. Üçüncü yer təmsilçilərimizin hesabına 6 min 500 xal yazdırıb. Turnirin çempionu İbrahim Yusubov (92 kq) isə ilk mərhələdən 10000 xal qazancla ayrılıb. Beləliklə, Türkiyədə keçirilən yarışda güləşçilərimiz ümumilikdə 38 min 800 xal toplayıblar.
Qeyd edək ki, dünya seriyası 5 mərhələdən ibarətdir. Bu mərhələlərin cəmində ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaqlar. Növbəti mərhələlər İspaniya (18-19 iyun), Fransa (1-2 iyul), Yunanıstan (9-10 iyul) və Rumıniyada (3-4 sentyabr) keçiriləcək.