Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, bu gün start götürəcək yarışda 9 komanda mübarizə aparacaq.
Turnirdə yığmamızla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın komandaları mükafatlar uğurunda yarışacaq.
Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubu ilə birgə A qrupunda çıxış edəcək. Həndbolçularımız ilk oyununu mayın 16-ı saat 10:30-da OKMK klubuna qarşı keçirəcək.
Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcək. Turnirə mayın 21-də yekun vurulacaq.