"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Slovakiyada “Dunayska Streda” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis görüşü belə şərh edib:
"Əvvəlcə 2-ci Olimpiada qızılını qazandığımız üçün cüdoçularımızı və çox çətin rəqib olan "Makkabi"ni keçən "Sabah" klubunu təbrik edirəm. Ağır səfərdən çox vacib qələbə ilə qayıdırıq. Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən sona qədər oyun intizamından qopmadıq.
Avropa Liqasında "Şerif"ə uduzduqdan sonra komandada hər hansı ciddi dəyişiklik etmədik. Sadəcə, psixoloji baxımdan iş gördük. Futbolçulara dedim ki, son 10-15 ildə 7 dəfə qrupda oynayan rəqibə uduzmuşuq. Azlıqda qalmasaydıq, bu rəqibi də keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik".
Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada Slovakiya təmsilçisinə dörd cavabsız qolla qalib gələn "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq. Bu raundun oyunları avqustun 8-də və 15-də baş tutacaq.