
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün ilk oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, yarışa 2-ci mərhələdən qoşulan "ağ-qaralar" Belarusun “Dinamo Minsk" komandası ilə üz-üzə gəlib. Matç rəqibin 2:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra keçirilən mətbuat konfransında rəqibin çalışdırıcısı Aleksandr Şaqoyko jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan əvvəl "Neftçi"ni 4:2 hesabı ilə məğlub edəcəyinizə inanırırdınız?
"Əlbəttə, bizim hədəfimiz hər zaman qalib gəlməkdir. 4 qola gəldikdə isə, erkən dəqiqələrdə 2 qol buraxacağımızı düşünmürdük. Amma biz buraya qələbə üçün gəlmişdik. Biz də böyük klubuq və xoşbəxtik ki, buradan qələbə ilə ayrılırıq."
- Sizin komandanız ötən mövsüm də oyunlarını Bakıda keçirirdi, bu amil qələbəyə təsir etdimi?
"Düzü, buna necə cavab verəcəyimi bilmirəm, amma dediyinizi təsdiq etmək olar."
-Cavab matçı haqqında fikirəriniz nədir?
"Məndə qeyri-adi bir optimizm yoxdur. Böyük bir üstünlüyə sahib deyilik və ciddi şəkildə növbəti matç haqqında düşünürük. "Neftçi"nin səviyyəsini dərk edirik, bizim üçün çətin olacaq. İki top fərqi çox təhlükəlidir və bizi ağır oyun gözləyir. Oyundan əvvəl də dediyim kimi, mərhələni keçmək üçün sonadək mübarizə aparacağıq."
- "Dinamo Minsk" "Neftçi"ni keçə bilməsə, bunu faciə hesab etmək olar?
"Biz yalnız qələbə üçün oynayırıq və hər hansı məğlubiyyət bizim üçün faciədir. Hər matça qalib gəlmək üçün çıxırıq."
Kamil Xudiyev