
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə" sabah "Payde" ilə üz-üzə gələcək. İlk matç Estoniyada, cavab görüşü isə iyulun 30-da oynanılacaq. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "qartallar"ın rəqib ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Fanat.Az həmin açıqlamanı təqdim edir:
"Zirə" artıq həm evdə, həm səfərdə inamlı oyun sərgiləyərək bir mərhələ adlayıb. Növbəti rəqib isə Estoniya təmsilçisidir. Öncəki oyunlarda qazanılan qələbələr komandada əlavə özgüvən yaradıb. Ümid edir və inanıram ki, mərhələni təmsilçimiz keçəcək. İstəyərdik ki, o ənənə davam etsin, həm səfərdə qələbə qazansın, həm də evdə. "Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur. Çünki bir neçə futbolçu komandanı tərk etsə də, heyətdə olan oyunçuların əksəriyyəti qalıb və avrokuboklarda rəqibə nisbətən yetərincə təcrübələri var. Bu baxımdan düşünürəm ki, mərhələni keçən tərəf "Zirə" olacaq".
Xatırladaq ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv ilkin raundda İslandiyanın "Vestri" komandasını hər iki matçda 3:0 hesabı ilə üstələyib.
Nihat