
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde"yə minimal hesabla məğlub olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis cavab qarşılaşmasında mərhələni keçməyə çalışacaqlarını bildirib:
"İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə fəal başladıq. Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik".
Baş məşqçi Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvinin məğlubiyyətə aidiyyatı olmadığını da vurğulayıb:
"Düşünürəm ki, legioner limiti ilə bağlı məsələ bir gün ərzində ediləcək müzakirə deyil. Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur. Bu gün rəqib qalib gəldi. Biz də səfərdə qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Avrokuboklarda oyunlar həmişə fərqli olur. Bilirdik ki, keçirdiyimiz iki görüşdən sonra rəqib bizi yaxşı təhlil edib. Bizə oynamağa imkan verməməyə çalışacaqlar. Səfərdə rəqib üstün oldu. Evdə isə çalışacağıq ki, üstün tərəf biz olaq".
Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.