
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan komandaları avrokuboklarda çıxışlarını davam etdirir. "Sabah" Çempionlar Liqasında mübarizə aparırsa, "Qarabağ" Avropa Liqasında, "Zirə" və "Neftçi" isə Konfrans Liqasında nəyə qadir olduqlarını göstərməyə çalışırlar. Əlbəttə, daxili birincilikdəki mübarizəni turnir cədvəlinin yuxarı pillələrdə başa vuraraq digərlərindən üstün olduqlarını isbatlayan klubların hansı səviyyələri məhz qitəmiqyaslı yarışalarda bilinir. Başqa sözlə, hər birinin real gücü digər Avropa ölkələrinin güclüləri ilə duellərdə üzə çıxır. Bəs görəsən bizimkilərin gerçək potensialı nə vəd edir?
KL-in kandarında gözləyən "Sabah"
Geridə qalan "futbol ili"ni "qızıl dubl"la yekunlaşdıran "Sabah" Uels çempionu TNS-i ciddi çətinlik çəkmədən üstələdi. Öz meydanında Britaniya təmsilçisini 2 cavabsız qolla yenən "bayquşlar" qonaq qismində 2:1 hesablı zəfərlə kifayətləndi. Artıq "KuPS" (Finlandiya) ilə də birinci görüş də gerdiə qalıb. Masazırda finlərin tək qolla məğlub edən Azərbaycan çempionu təbii ki, daha çox qol vura bilərdi. Yəni oyun planında qonaqlardan üstün görünən "çəhrayı-qaralar" ələ düşən real qol imkanlarından faydalanmağı bacarsaydılar, səfərə ciddi fərqlə yollanardılar.

Hərçənd 1:0 hesablı qələbə də yetərincə yaxşı nəticədir və Valdas Dambrauskasın çalışdırdığı kollektiv iyulun 28-də qonaq qismində də "KuPS"u məğlubiyyətə uğratmağa, ən azı sərfəli heç-heçə ilə mərhələ adlamağa qadirdir. Yeri gəlmişkən, "Sabah" Finlandiya çempionun öhdəsindən gəlsə, artıq Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edərək tarixində ilk dəfə buna nail olacaq. Təbii ki, bu Masazır komandası üçün minimum hədəfdir. Qarşıda daha böyük şanslar var.
Qolsuz bərabərliyin ümid qoxusu
Ötən mövsüm Çempionlar Liqasında fırtına kimi əsən "Qarabağ" AL-dəki birinci rəqibini - İslandiya "Vestri"sini hər iki matçda 3:0 hesabı ilə darmadağın etdi. Bolqarıstan komandası ilə Tofiq Bəhramov adına Respublika stadionundakı dünənki görüşdə isə qələbə qazanmaq mümkün olmadı. Matça yaxşı köklənən sofiyalıların evə sərfəli nəticə ilə qayıtqdıqlarını vurğulamalıyıq, lakin söhbət Qurban Qurbanovun yetirmələrindən gedirsə, bu heç-heçədə də bir ümid qoxusu var.

"Ağ-göylər"in yaxın keçmişdə, dəqiqləşdirsək, 2024-cü ilin avqusunda digər Bolqarıstan komandası "Ludoqorets"i mübarizədən hansı şəkildə kənarlaşdırdığını yada salsaq, əlavə şərhə əlyeri qalmaz. ÇL-in 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda 1:2 hesabı ilə uduzan "köhlənlər" ikinci qarşılaşmada meydan sahiblərinə divan tutmuşdular - 7:2. Yəni yenilənmiş heyətlə oynayan "Qarabağ"ın eyni ssenarini təkrarlamaq ehtimalı da az deyil. Bu bərabərlikdən sonra ÇSKA-nın xüsusi üstünlük əldə etdiyini söyləmək mübahisəlidir. Hərçənd Kamilo Duran, Kevin Medina və Leandro Andrade kimi futbolçuların gedişi sezilir və indiki kollektivin üzvlərinin həm bir-birinə, həm də Qurbanovun oyun fəlsəfəsinə uyğunlaşması üçün müəyyən vaxt lazımdır.
"Zirə"nin də işi bitməyib
"Turan Tovuz" UEFA-nın məlum qadağası səbəbindən avrokuboklardan kənarda qaldığı üçün növbəti dəfə ölkəmizi qitəmiqyaslı turnirdə təmsil etmək fürsəti yaxalayan "Zirə" ilk rəqibinə heç bir şans vermədi. Kutaisi "Torpedo"sunu Sumqayıtda olduğu kimi, Gürcüstanda da 3 cavabsız qolla üzən "qartallar"ın Estoniyada "Payde"yə uduzacağını çox az adam proznozlaşdırardı.

Ancaq dünənki nəticə (0:1) artıq bir gerçəklikdir və Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv işini bir qədər çətinə salıb. Bu başqa məsələ ki, qəsəbə təmsilçisinin məğlubiyyətin əvəzini çıxmaq ehtimalı da yetərincə yüksəkdir. "Zirə"nin məşqçilər korpusunun yenilginin səbəblərini araşdırması, Estoniyadakı səhvləri Azərbaycanda təkrarlamaması ən önəmli məqamdır. Fakt budur ki, "Payde" heyətindəki oyunçuların keyfiyyətinə görə "Zirə"dən üstün kollektiv deyil.
"Neftçi" çox çətin durumdadır
"Ağ-qaralar"ın "Palms Sports Arena"da Belarus komandasına boyun əyməsi həqiqətən gözlənilməz oldu. Matçdan öncə mətbuata açıqlamalar verən mütəxəssislər də Bakı komandasını aşkar favorit saydıqlarını bəyan edir, "Dinamo"nun Azərbaycanın paytaxtından məyus ayrılacağını bildirirdilər. Matçın ilk 8 dəqiqəsində 2 qol vuran meydan sahiblərinin yekunda 2:4 hesablı yenilgiyə üzülməsinin özündə də həm bir qədər qəribəlik, həm də çox ağır məyusluq var.

Təbii, futbolda belə hala ilk dəfə rast gəlinmir. Futbol 90 dəqiqə oynanılır və adətən yekunda matça daha düzgün yanaşan tərəf qalib gəlir. Bu qarşılaşmanı təhlil etməyə çalışsaq, ayrı-ayrı fərdlər üzərində dayanmaqdan daha çox psixoloji məqamları qabartmalıyıq. Dəqiq olan budur ki, "Dinamo" rəqibindən daha istəkli, daha aqressiv və daha inamlı idi. Yarım saatdan sonra "yuxuya gedən" flaqmanın parlaq başlanğıcın güdazına getdiyi şübhə doğurmur. Həm də bütün hallarda, məğlubiyyətin əsas səbəbkarı nəticəyə görə birbaşa cavabdehlik daşıyan Vernidubun özüdür. "Xalq komandası"nın fanatlarını üzməsinin arxasından gizlənən digər həqiqətləri Bolqarıstanda baş tutacaq cavab qarşılaşmasından sonraya saxlamaq isə ən düzgün seçimdir. Ola bilsin ki, "Neftçi" nokdaundan çıxacaq və bakılıların qonaq qismində geridönüş etməyə cəsarəti və gücü çatacaq.
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
