
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" dünən Bakıda Ukrayna komandasını 2 cavabsız qolla üstələyərək növbəti mərhələyə yüksəldi və "Tvente"yə rəqib oldu.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə qarşıdakı görüşlər barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Birinci oyunda da üstün tərəf "Qarabağ" idi. Bu başqa məsələ ki, komandamız Polşadakı görüşdə qol imkanları yaratmaq baxımından müəyyən problemlər yaşayırdı. Əlbəttə, bu, heyətin yenilənməsi, oyunçuların hələ tam uyğunlaşmaması ilə əlaqədardır. Əslində, "Qarabağ" dünən də mükəmməl oynamadı. Yəni təmsilçimiz özünün ən yaxşı versiyası deyildi. Hərçənd hiss olunur ki, oyunçular bir-birinə uyğunlaşırlar. Lakin bütün yeni futbolçuların adaptasiya prosesini eynivaxtda tamamlayacağını da gözləyə bilmərik. Məsələn, Jali Muaddib artıq uyğunlaşır və onun özünü yaxşı tərəfdən göstərməsi fərdi keyfiyyətləri ilə izah olunmalıdır. Yaxşı məqamlardan biri də yeni qapıçı Martin Zlomisliçin ilk rəsmi oyununda etibarlı təsir bağışlaması oldu. Etiraf edək ki, ikinci hissədə qonaqların da təhlükəli vəziyyətləri oldu, lakin xoşbəxtlikdən bu imkanları qola çevirə bilmədilər.
"Tvente" ilə iki dəfə qarşılaşmışıq. İlk dəfə mən "Qarabağ"da oynadığım dönəmdə onlara uduzmuşduq (1:3, 0:0). Növbəti qarşılaşmada isə Niderland təmsilçisini səfər qolu hesabına üstələmişdik (0:0, 1:1). Düşünürəm ki, rəqibin adından çox hazırda hansı vəziyyətdə olması önəmlidir. Deyərdim ki, hazırda "Tvente" də ən yaxşı dönəmlərini yaşamır. Amma digər tərəfdən, komandamızın bu yay avrokuboklarda üz-üzə gəldiyi ən güclü rəqib "Tvente"dir. Mənə elə gəlir ki, "Qarabağ" "Tvente"ni də keçəcək".
Nihat