FIFA referisi Əliyar Ağayev bu avrokubok mövsümündə ilk oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Fola” (Lüksemburq) – "Linfeld” (Şimali İrlandiya) matçında iş başında olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ötən həftə də eyni hesabla qalib gələn Lüksemburq təmsilçisi mərhələ adlayan tərəf olub.
Meydan sahiblərinin qələbəsində referimizin də "əməyi olub”. Belə ki, matçın nəticəsini müəyyənləşdirən 3-cü qol penaltidən vurulub. O, oyunun əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə kobudluğa görə qonaqların qapısına "11 metrə” təyin edib. Ağayevin qərarının haqlı olduğunu qeyd etməliyik. FİFA referisi oyunun gedişində 7 futbolçuya sarı vərəqə göstərib ki, bunun 4-ü meydan sahiblərinin, 3-ü isə qonaqların "payına düşüb”.
Qeyd edək ki, Əliyar Ağayevə digər həmyerlilərimiz – laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli yardım edib. Ehtiyat hakim funksiyasını FİFA referisi Elçin Məsiyev yerinə yetirib. Azərbaycanlı hakimlərin idarəçiliyinə bolqarıstanlı hakim-inspektor Kostadin Gerginov qiymət verəcək.
Mirağa