Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlassın Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilk matçından əvvəl mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə belə danışıb:
- İlk Avropa təcrübənizdir. Oyuna necə hazırlaşmısınız?
- "Qarabağ"ı təhlil etmişik. Avropada kifayət qədər məşhur komandadır. Sabah bizi möhtəşəm oyun gözləyir.
- İddialı açıqlamalar vermisiniz. Bu əminlik nədən irəli gəlir?
- Hər iki komandanın şansları eynidir. "Qarabağ"a hörmətlə yanaşırıq. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.
- Azərbaycan futbolu və "Qarabağ" haqda nə dərəcə məlumatlısınız?
- "Qarabağ"ın son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var.
- "Qarabağ"ın son illərdə avrokuboklarda mütəmadi çıxışı sizi narahat etmir?
- "Qarabağ" Avropada tanınan komandadır. "Aberdin" də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və Şotlandiyada oynanılacaq.
- Bakıdakı havadan narazı deyilsiniz?
- Hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam saatlarında olacaq.
- Abdullah Zubir haqda fikirləriniz nədir?
- Zubirlə yanaşı, "Qarabağ"ın daha bir neçə futbolçusunu fərqləndirərdim. Kadi Borqes, Filip Ozobiç, Ramil Şeydayevi deyə bilərəm.