Ötən gecə UEFA Konfrans Liqasının pley-offunda Azərbaycanı təkcə "Qarabağ" və "Neftçi" yox, hakimlər də təmsil edib.
Fanat.Az xəbər verir ki, FİFA referisi Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası "Gent" (Belçika) - "Rakov" (Polşa) qarşılaşmasında iş başında olub.
Həmyerlilərimiz meydan sahiblərinin 3:0-lıq darmadağınla qrup mərhələsinə vəsiqə əldə etməsinə şahid olublar. Belçika təmsilçisi hesabı hakimin ilk yarıya əlavə etdiyi birinci dəqiqədə açıb, 70 və 72-ci dəqiqələrdə isə fərqi artırıb. Ağayev görüş ərzində komandalara 3 sarı vərəqə göstərib ki, bunlardan 2-si meydan sahiblərinin, 1-i isə qonaqların payına düşüb.
Qeyd edək ki, Gent şəhərində baş tutan oyunda Əliyar Ağayevə laysmanlar Zeynal Zeynalov və Akif Əmirli, ehtiyat hakim kimi isə FİFA referisi Elçin Məsiyev yardım edib.
Mirağa