UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda baş tutacaq "Qarabağ" - "Kayrat" (Qazaxıstan) oyununun hakimləri bəlli olub.
Fanat.Az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.
FİFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Aranovski bundan əvvəl də "Qarabağ"ın oyununu idarə edib. O və köməkçisi Şlonçak 2019-cu il sentyabrın 19-da Avropa Liqası çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Sevilya" oyununda iş başında olublar. Bundan başqa, bu ikili ötən il "Qarabağ"ın "Vilyareal"la qrup oyununda da hakimlər briqadasında yer alaraq, İspaniyaya yollanıblar.
Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.