"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İsraildə "Makkabi" (Təl-Əviv) komandasında qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis belə danışıb:
"Sabah bizi "Makkabi"yə qarşı cavab qarşılaşması gözləyir. Bu, bizim üçün növbəti beynəlxalq oyundur. İnkişaf etmək, səviyyəmizi artırmaq baxımından yaxşı fürsətdir. Böyük istəklə, həvəslə oyuna hazırlaşırıq. Düşünürəm ki, komandamız ilk matçdakı nəticəni artıq unudub. Bütün diqqət və motivasiyamızı sabahkı oyuna yönəltmişik. Məşqlərdən də bunu hiss edirəm. Sabah ən əsası istərdik ki, maraqlı oyun olsun. Rəqibə qarşı əzmkar mübarizə göstərib, yaxşı nəticə ilə səfər görüşündən ayrılaq".
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.