19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, gənclər yığması 11-ci qrupdakı sonuncu matçını Lüksemburqa qarşı keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu duel də eyni saatda olacaq.
Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması lazımdır.
Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub. Bosniya isə açılış oyununda Lüksemburqa 1:0 qalib gəlib.
AÇ-2024
Seçmə mərhələ
21 noyabr
21:00. Lüksemburq - Azərbaycan
21:00. Bosniya və Herseqovina - Niderland
Xal: Niderland - 6, Bosniya və Herseqovina - 4, Azərbaycan - 1, Lüksemburq - 0.