Azərbaycan millisi qarşıdakı bir həftə ərzində Millətlər Liqası çərçivəsində növbəti oyunlarını keçirəcək. Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi bütün matçlarda məğlub olan yığmanın Estoniya və İsveçlə görüşlərdə futbolsevərləri sevindirmək şansı realdırmı? Suala cavab tapmaq üçün millinin sabiq məşqçisi, tanınmış futbol mütəxəssisi Arif Əsədovla əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarşıda millini iki vacib oyun gözləyir. Xüsusilə də Estoniya ilə görüş qrupda sonuncu yeri tutmamaq və aşağı diviziona düşməmək baxımından həlledici sayılır. Hətta bizə minimal hesablı qələbə kifayət etməyə bilər. Top fərqini yaxşılaşdırmaq üçün estonlar üzərində fərqli qələbə qazanmaq lazımdır. Qarşılaşmaya məsuliyyətli yanaşmalıyıq. Yəqin ki, rəqib qapalı oynayacaq, oyunu meydanın özünə aid hissəsindən quracaq. Belədə yığmamıza çətinlik yaranacaq, çünki həmişə sonuncu fazada yaradıcılıq baxımından əziyyət çəkirik.
İsveçlə oyuna yaxşı əhval-ruhiyyədə yollanmaq komandanın öz əlindədir. Estoniya üzərində mümkün qələbə futbolçulara ağır səfər öncəsi motivasiya verə bilər. Bizim üçün skandinaviyalıların Slovakiya ilə görüşü də əhəmiyyətli sayılır. İsveç qalib gəlsə, qrup liderliyini böyük ölçüdə təmin edəcək ki, bu da bizim işimizə yaraya bilər. Belədə təzyiqsiz, rahat oynamaq mümkündür".
Əsədov millinin heyətindəki dəyişikliklərə də toxundu:
"Santuş budəfəki heyətdə də gənc oyunçulara güvənib. Göründüyü kimi, o, hələ də millinin potensialını öyrənməyə çalışır və bu da normaldır. Ancaq bəz mövqelər var ki, qeyri-sabitlik narahat edir. Bu mənada qapıçı problemini qeyd etməliyik. Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra "1 nömrə" seçimi etmək çətinləşib. Əvvəlki oyunlarda "çərçivə" Mehdi Cənnətova etibar edilirdisə, son iki qarşılaşmada biz debütün şahidi olacağıq. Düzdür, Rza Cəfərov millidə ilk oyununu mənim rəhbərliyim altında keçirib, bu, Monqolustan ilə yoldaşlıq görüşünə təsadüf edib. Amma bu dəfə rəsmi görüşlərdə 3 qapıçıdan biri debüt edəcək. Hücum xətti ilə bağlı da çətinlik var. Renat Dadaşov əməliyyat olub. Mahir Emreli isə Estoniya ilə görüşü cəza səbəbindən buraxmalı olacaq. Belədə Santuş Ramil Şeydayevlə Musa Qurbanlıdan birini hücumda oynadacaq. Çox güman, o, Ramilə şans verəcək. Çünki Şeydayev əvvəllər də hücumun sivri ucunda yer alıb. Yaxşı məqam odur ki, Emin Mahmudov artıq klubunda müntəzəm oynayır. Hamımız bilirik ki, Emin formada olanda millinin işləri də nisbətən yaxşı gedir".
Təcrübəli mütəxəssis millinin Estoniyanı Qəbələdə qəbul etməsindən də danışdı:
"Fikrimcə, bu amil lehimizə işləyəcək. Çünki Bakıdakı oyunlarda azarkeş qıtlığı yaşanır. Söhbət məhz millidən gedir. Bölgəyə üz tutmaq həm ab-havaya müsbət təsir göstərə bilər, həm də dəstək mənasında sıxıntı olmaz. Millini ara-sıra bölgələrə də çıxarmaq lazımdır. Ümid edirəm ki, komandamız qəbələli azarkeşləri qələbə ilə sevindirəcək".
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.
Mirağa