
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah yaxşı təşkilatlanmış rəqibə qarşı oynayacağını deyib.
Fanat.Az xəbər verir ki, bunu Ayxan Abbasov mətbuat konfransında səsləndirib.
O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib:
“Bura Tacikistana qarşı yoxlama oyunundan sonra gəlmişik. Litva ilə matça yaxşı hazırlaşmışıq. Meydana müsbət nəticə qazanmaq üçün çıxacağıq”.
O, rəqibi dəyərləndirib:
“Güclü komandaya qarşı oynayacağıq. Litva ilk matçda qələbə qazanıb. Rəqibin Avropa klublarında oynayan futbolçuları çoxdur. Uzun müddətdir eyni heyətlə çıxış edirlər. Amma futbolçulara lazımi tapşırıqlar verilib. İnşallah, düşündüklərimizi meydanda icra edib lazımi nəticəni qazanarıq”.
Qeyd edək ki, Litva – Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.