"Maraqlı oyun alındı. Hər iki komanda həm toplu, həm topsuz düzgün futbol oynamağa çalışırdı. Keyfiyyətli oyun oldu". Fanat.Az xəbər verir ki, bu sözləri Gürcüstan U-21-i ilə oyundan (1:1) sonra 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib.
Baş məşqçi əvvəlki rəqiblərlə Gürcüstan millisini müqayisə edib: "Fərqli komandalardı. Əgər Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla da çox oynasın. Meydanda feyr-pley qaydalarına riayət edən iki komanda var idi. Bu da sevindirici məqamdı. Çalışdılar mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm".
Rəşad Sadıqov "Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı, görüş necə cərəyan edərdi" sualına belə cavab verib: "Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də "Alanyaspor”a qarşı 6 nəfər 1997/98-ci il təvəllüdlü uşaqlar meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdu. Məlumat olaraq deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu artıq U-20 deyil. Digər tərəfdən, məşqçinin öz seçimidi və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram. Yoldaşlıq oyunudu, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim. Bugünkü matça gəldikdə də, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odur ki, hər bir futbolçumuz inkişaf etsin. Bizim heyətimizdə də daha gənc futbolçular meydana çıxıb. Hər 3 matçda rotasiyalar etmişəm. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldu. Bu gün mütləq qələbə qazanmalıyıq deyə bir məqsəd yoxdu qarşımda. Mənim əsas hədəfim odur ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar".
Baş məşqçi seçmə mərhələnin qalan oyunları ilə bağlı da fikirlərini bildirib: "Seçmə mərhələdə 5 oyunumuz qalıb. Qalib gəlsək, nə olacaq, gəlməsək nə olacaq... Qalan matçlarda qlobal bir dəyişiklik etmək mümkün deyil. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belədə onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidi. Çalışacağıq ki, rəsmi oyunlarda nəticə olsun. Amma daha vacibi oyun göstərməkdi".
Fanat.Az