Yapaoniya Futbol Federasiyası gözlənilməz qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, federasiya dünya çemionatına hazırlaşan yığmanın baş məşqçisi Vahid Halilhodziçi mundialın startına 66 gün qalmış istefaya göndərib. Buna səbəb iki yoxlama matçında alınan nəticələr olub. Belə ki, yaponlar ötən ay keçirdikləri sınaq matçlarında Mali ilə "sülh" bağlayıb (1:1), Ukraynaya uduzub (1:2).
Hər iki yığmanın dünya çempionatına vəsiqə qazanmaması və Yaponiyanın oyunundakı eniş federasiya rəhbərliyinin bu addımı atması ilə nəticələnib.
Artıq yığmanın yeni baş məşqçisi də bəllidi. Federasiya komandanı Akira Nisşinoya tapşırıb. 63 yaşlı mütəxəssis məşqçi karyerası ərzində Yaponiyanın U-20 və U-23 yığmalarını, həmçinin ölkənin "Kaşiva", "Qamba Osaka", "Vissel Kobe" və "Naqoya" klublarını çalışdırıb.
Vahid Halilhodziç 2015-ci ildən Yaponiya millisinə başçılıq edirdi. O, əvvəllər Fransada "Lill", "Renn", PSJ, Türkiyədə "Trabzonspor" və digər klubları, həmçinin Əlcəzair millisini çalışdırıb.
Qeyd edək ki, Yaponiya millisi dünya çempionatında Kolumbiya, Seneqal və Polşa ilə birlikdə H qrupunda mübarizə aparacaq.
Fanat.Az