Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə uduzub. Rəqib hər üç qolu penalti zərbəsindən vurub. U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib.
Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev AFFA-nın saytına fikirlərini bildirib: "Belarus yığması ilə oyun oyunçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu. Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”.
Fanat.Az