"Bütün komanda olaraq sabahkı oyuna hazırıq".
Bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib. Slovakiya AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.
Oyunöncəsi mətbuat konfransında 50 yaşlı çalışdırıcı əvvəlcə komandadakı itkidən danışıb: "Yalnız Miroslav Stoç hazır deyil. Komanda ilə birlikdə gətirmədik ki, xəstəliyi digər futbolçulara keçməsin. Başqa heç bir problemimiz yoxdu. Futbolçular sabahkı görüşə tam hazırdı".
- Futbolçularınız bildirir ki, qrupdan çıxmaq istəyən komanda mütləq Azərbaycan üzərində qələbə qazanmalıdı. Bu bir növ rəqibə yuxarıdan aşağı baxmaq deyil?
- Ümumiyyətlə, istənilən rəqibə hörmətlə yanaşırıq. Azərbaycanı da izləmişik, Xorvatiyaya qarşı yaxşı çıxış etmişdi. Qrupda xal qazanmamasına baxmayaraq, fikrimizi dəyişmirik. Biz özümüz digər görüşlərdə olduğu kimi, sabah da qələbə qazanmağı hədəfləmişik.
- Start heyətini açıqlayacağınızı inanmıram. Sabah bizi sürprizlər gözləyirmi?
- Əlbəttə ki, heyəti açıqlamayacam. Amma sabah bəzi maraqlı dəyişikliklər ola bilər. (Matc.az)
Fanat.Az