Fransada keçirilən qadın futbolçular arasında dünya çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, turnirin ötən axşam Liondakı "Olimpik Park" stadionunda baş tutan final matçında ABŞ və Hollandiya milliləri qarşılaşıb. Amerikalılar iki cavabsız qolla dünya çempionluğunu bayram edib. Qollara Meqan Rapinoe və Roze Lavelle imza atıb.
İngiltərədən Ellen Vayt, ABŞ-dan isə Aleks Morqan və Meqan Rapinoe 6 qolla turnirin bombardiri olublar. Yarışın ən yaxşı futbolçusu ABŞ-dan Meqan Rapinoe, ən yaxşı qapıçısı Hollandiyadan Sari van Veenendaal, ən yaxşı gənc oyunçusu Almaniyadan Culia Qvinn seçilib. "Fair-play" mükafatına isə Fransa millisi sahib çıxıb.
Qeyd edək ki, 1991-ci ildən keçirilən dünya çempionatının qalibi adını ən çox ABŞ qazanıb - 4 dəfə. Almaniya 2, Yaponiya 1 dəfə qızıl medallara sahib çıxıb.